Azad müəllim, Neft Daşları Azərbaycanın şöhrətini dünyaya yayan nadir dəniz neft şəhəridir. Neft tarixində hadisə sayılan Neft Daşlarının yaranmasını necə xatırlayırsınız?
Neft daşları – keçmiş SSRİ dövründə qazandığımız ən böyük qələbədir. O vaxtlar dünya müharibəsi təzəcə başa çatmışdı, ölkə iqtisadiyyatı o qədər də güclü deyildi, bərpa işləri aparılırdı. Belə bir dövrdə Neft Daşlarının kəşfi və istismara verilməsi həqiqi möcüzə idi: həm dünyada açıq dənizdə ilk neftin məskəni kimi, həm də ölkənin iqtisadi cəhətdən zəif vaxtında belə böyük və qeyri-adi, çətin və unikal neft nəhənginin istifadəyə verilməsi baxımından. O dövrki respublika rəhbərliyinin də rolu və əməyi az olmamışdır. Neft Daşları neftçilərimizin gərgin və titanik əməyi sayəsində mümkün olmuşdur. Bax, indi, görürsünüz, Neft Daşları böyük fayda verir, ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rolu var, həm də bütün dünyada dəniz neftinin çıxarılmasının ilk təcrübə məktəbidir. Neft Daşları göstərdi ki, Xəzərin gələcək perspektivləri böyükdür. Belə hesab edirəm ki, 1949-cu ildə Neft Daşlarının açılması neft sənayemiz tarixində ən böyük hadisədir, məhz ən böyük hadisə... Yaxşı xatırlayıram: o vaxtlar böyük entuziazm vardı. Mən EA-nın neft ekspedisiyasında işləyirdim. 1950-53-cü illərdə gedirdik Neft Daşlarına, sistemli işlər aparırdıq: həm qazma, həm yataqların istismarı sahəsində. Neft Daşları yatağının müasir üsullarla işlənməsi layihəsini biz hazırlamışdıq. Gənc kadrlar idik, böyük həvəslə işlərdik, yorulmaq nə demək olduğunu bilmirdik. Ümumiyyətlə, Neft Daşlarının inkişafında gənclərin böyük rolu olub. O vaxtlar Neft Daşlarının rəhbərləri də gənclər idi, işləyənlər də əsasən gənclər idi. Dövlət tərəfindən böyük diqqət yetirilirdi, qayğı göstərilirdi. Neft Daşları asanlıqla başa gəlməyib. Deyərdim, XX əsrdə ən böyük nailiyyətimiz Neft Daşlarıdır. Onun bəhrəsini biz indi görürük. Bilmək lazımdır ki, səmərə birdən-birə əldə olunmur, bunun üçün illər lazımdır. 50 ildən artıq vaxt keçib, təcrübəmiz xeyli artıb, məhz bu təcrübə sayəsində neft sənayesində uğurlarınız çoxalıb və getdikcə artacaqdır.
Neft Daşlarının yaranması ideyası heç də asanlıqla həyata vəsiqə qazanmayıb. Kömək edənlər də olub, və təbii ki, mane olanlar da. Bəzən həqiqətin saxtalaşdırılması meyilləri olur, birinin əməyi şişirdilir, digərinin kiçildirilir. Sizcə kimin daha böyük xidmətləri olub?
1930-cu ilin «Azərbaycan Neft Təsərrüfatı» jurnalında «Neft Daşları» sözü işlənib, bəli, «Neft Daşları» ifadəsi. Deməli, ideya vardı, lakin ona fikir verməyiblər, həyata keçirilməsinə imkan yaradılmayıb. Sonradan bu ideyaya qayıtdılar, mümkün oldu. Demək lazımdır ki, Neft Daşları ideyasının müəllifləri, Qara Daşları Neft Daşlarına çevirənlər böyük insanlardır. Bu ideyanı həyata keçirənlər isə əsl qəhrəmandırlar. Çox adamın adını çəkmək olar: Ağaqurban Əliyev, Sabit Orucov... İdeya irəli sürmək çətin olsa da, onu həyata keçirmək ikiqat çətindir. Ə.B.Süleymanov, S.Qrobşteyn, M.K.Seyidrza... Çok güclü, çox böyük insanlar çalışıb orda və hamısını sadalamaq mümkün deyil. İndi 54 ildən artıqdır ki, bu cəsur insanların, entuziazmların yaratdıqları Neft Daşları Vətənə şərəflə xidmət edir.
Neft Daşlarına rəhbərlik edənlər həm qəhrəman olublar, həm də güclü alim, Neft Daşlarını elmi ideyaların poliqonuna çeviriblər. Bəxtiyar Məmmədov, Bəhman Hacıyev, Qurban Abbasovla çox yaxşı münasibətlərdə olmusunuz...
O vaxtlar gənclər komandası yüksək entuziazmla işləyirdi. B.Məmmədov, B.Hacıyev (o, mənim aspirantım olub) çox güclü, istedadlı rəhbərlər olub, onların dövründə Neft Daşları çox böyük yüksəliş dövrü yaşadı. Elmi ideyalar sürətlə Neft Daşlarına ayaq açırdı. Fuad Səmədov – çox yüksək savadlı, geniş dünyagörüşə malik şəxsiyyət idi. Qurban Abbasov işlə nəfəs alan insan idi, istehsalat qiqantı idi. Neft Daşlarına rəhbərlik etmiş, onu bugünkü səviyyəyə qaldırmış bütün insanlar haqqında yalnız xoş sözlər demək olar. Sevindiricidir ki, bugün də Neft Daşlarında gənclər aparıcı qüvvədədirlər, hər sahədə istedadlı gənclər çalışır. Neft Daşlarının böyük ənənələri var, onları yaşadırlar, artırırlar.
Neft Daşlarının gələcəyini siz necə görürsünüz?
Çox yüksək. Neft Daşları gərək institut olsun, laboratoriya, poliqon olsun, Neft Daşları verdiyini verib, verəcək də, ancaq bütün dünya üçün öz təcrübəsi ilə poliqon olsun, müasir metodların elmi mərkəzi olsun. Neft Daşlarında bu gün hasilat artır, çünki müasir metodlar işləndə neft hasilatı təbii ki, artır, həm də gələcəyə ümid artır. Neft Daşları gələcək dəniz yataqlarının işlənməsi mərkəzi olacaq.
Siz Neft Daşları ilə sıx bağlısınız, tez-tez Sizi, çox sevdiyiniz neftçilər arasında görürük. Neft Daşlarında olarkən hansı hisslər keçirirsiniz?
Neft Daşları mənə gəncliyimi xatırladır. Buraya hər səfərim məni cavanlığıma qaytarır, gənclik həvəsi, gənclik enerjisi ilə işləməyə ruhlandırır. Yaşlaşdıqca insanın hissləri dəyişir, bazıları işdən soyuyur, ruhdan düşür. Neft Daşları hisslərimi cavanlaşdırır. Məni də işlədən bu hisslərdir. Bizim nəsil işləməyə öyrəşib, bu mənada biz udmuşuq. İstərdim ki, cavanlar məndən çox işləyə bilsin. Bizim nəsil zəhmət üstə köklənib, biz zəhmət «zaryadı» almışıq. Qazandığımız «zaryadın» nəticəsidir: münasibət, zəhməti sevmək, Vətəni sevmək... Vətəni sevmək, Allaha inanmaq o demək deyil ki, təkcə dildə deyəsən. Allaha gərək başla, şüurla inanasan. Bazıları deyir: Allaha inanıram, bütün təqsirimdən keçdi. Ancaq bazən elə xırda təqsir olur ki, ondan nə Allah keçə bilir, nə heç kim. Biz «Allahsız» dövrdə, «Allahsız» dövlətdə yaşamışıq, ancaq Allaha inanmışıq. Onda deyirdilər Allaha inanmaq olmaz, qadağandır. Biz demirdik, ancaq inanırdıq, indikilər deyirlər, ancaq inanmırlar. Əvvəllər Allaha and içmək olmazdı. İndi bəziləri elə hey «Allah, Allah» deyirlər, ancaq əməllərində Allah yolundan əsər-əlamət yoxdur. İndi dövr dəyişib, qiymətlər, meyarlar dəyişib, böyük şeylər xırdalanıb, xırda şeylər böyüyüb...
Paradoksaldır, deyil mi? «Allahsız» Sovet cəmiyyətində yaşasaq da ümumən pis yaşamırdıq, müsbət meyllər çox idi, təhsildə, səhiyyədə, elmdə, mədəniyyətdə... İndi isə dindarlar, dini təbliğat, vicdan azadlığı, mənəvi sərbəstlik olsa da əməllərimizlə sanki Allahdan uzaqlaşırıq. Bəlkə Sovet quruluşunun elan etdiyi «bərabərlik» prinsipi onu Allaha yaxınlaşdırırdı? Belə demək mümkündürmü?
Belə bir nəzəriyyə vardı. Allaha yaxınlaşmaq üçün İnam vardı. Adını min cür dəyişirdilər: kimi ürəyində deyirdi Allaha inanıram, kimi «Leninə inanıram», «Partiyaya inanıram», «Rəhbərə inanıram». Hər halda inam vardı. Cəmiyyəti inam idarə edir. Bəziləri də deyirdi «qorxuram». İnam, inandığımız şeylər və qorxu – bax bu 3 amil inkişaf yaradırdı, inkişafa rəvac verirdi, böyük gəlir gətirirdi. İndiki gəlirimiz o vaxtki gəlirdən qat-qat çoxdur, məntiqlə biz əvvəlkindən 2-3 qat yaxşı yaşamalıyıq. Bizdə isə tamamilə başqa tendensiyalar üzə çıxır. Müharibə vaxtı biz pis dolanırdıq. Çörək yox idi. Evə qonaq gələndə mütləq bir tikə çörək varsa, qonaq da yeməliydi, çörəyi yarı bölürdük. İndi qonaq gələndə işığı söndürürük, deyirik «evdə heç kim yoxdur», çünki oturub çörək yeyirik. Bax, bölüşə bilmirik. İsveçlilər yaxşı bölüşə bilirlər. İsveçrəli deyir ki, mən yaxşı maaş alıram, çox qazanıram, qoy çox vergi verim ki, yetim-yesir də yeyə bilsin. Elm pulsuz olsun, təhsil, səhiyyə pulsuz olsun. Bizdə isə gəlir çoxaldıqca istəyirik ki, səhiyyə də pullu olsun, təhsil də, elm də pullu olsun?! Pullu institutlar fəaliyyət göstərir, camaat borc pul alıb təhsil haqqını ödəyir (qanuni, qeyri-qanuni borc).
Neft Daşlarının yaranması dəniz nefti erasının əsasını qoymaqla, həm də demək olar ki, neft strategiyasının əsasını qoydu. İndi Yeni Neft Strategiyası həyata keçirilir, «əsrin müqaviləsi» Azərbaycan Neftini dünya bazarına çıxarıb, xarici investisiyalar cəlb olunub. Siz Azərbaycan neftinin gələcəyini necə görürsünüz?
Bir oxşarlıq aparacam Sizinlə. Bir var siyasət, bir də var geosiyasət. O vaxtlar Azərbaycan nefti SSRİ-yə məxsus idi, dövlət neftin 70 %-ni Azərbaycandan alırdı. Neft o vaxt bütün Sovetlər İttifaqı üçün siyasət idi. İndi neft keçib geosiyasətə. Biz istəyirik özümüzü qoruyaq qonşulardan, rəqiblərimizdən, düşmənlərimizdən. Onun üçün keçmişik neft siyasətinə. Bəlkə də, düşünmürəm, bizim neft çox miqdarda lazım olsun, ancaq bunun geoloji məkanı var, vacibdir. Sovetlər dövründə neftin miqdarı lazım idi dünyanın 1/6-ni tutan ölkə üçün. Sonra Sibir, Tatarıstan, Başqırdıstandan neft tapıldı, Azərbaycan neftinə fikir azaldı. Nə kömək elədi yenidən o yüksək səviyyəyə qalxmağa? Neft Daşları! Dəniz yataqları. Burda həmişə kompensasiya gedir. Məsələn, quruda neft yataqları azalıb, dənizdə neft yataqlarını istifadəyə vermişik. Sonra dərinlikdə qaz-kondensat yataqları tapıldı: «Zirə, Qaradağ». Biz həmişə nəyin hesabına irəli getmişik? Biz təzə dərin dərinliklərə gedirdik, yeni texnologiyaların çoxu Azərbaycanda yaranıb, çox uğurlarımız olub. Əfsus ki, bizdə bəzən hövsələ çatmır ki, bir texnologiya yaratmağa. Qazın laya vurulması texnologiyası ilk dəfə Azərbaycanda yaranıb. Sonra digər ölkələr başlayıb tətbiq etməyə.
Siz deyirsiniz, neft-geosiyasətdir. Dünya siyasətində neftin rolu şübhəsiz böyükdür. Siz gələcəkdə neft və qaza alternativ enerji mənbəyi görürsünüzmü?
Bəli var: hidrogen enerjisi, günəş, külək enerjisi. Hidrogen enerjisi çox bahardır, onun üzərində işləmək lazımdır. Günəş, külək enerjisindən Bakıda, dağlarda istifadə etmək olar. Belə işlər böyük məsələlərdir və üzərində işləmək tələb olunur. Təəssüf ki, olaq, ancaq işi davam etdirmirik, başa çatdırmırıq. «EKO» energetika akademiyası var, «Günəş» var, tədqiqatlar enerjisi ilə məşğul olur. Atom enerjisi də perspektivlidir, lakin ondan istifadə çox çətindir, çünki səliqəli və diqqətli olmağı tələb edir. Biz, bəzən hövsələsiz oluruq, müəyyən şeyləri yaddan çıxarırıq. Alman hövsələsi bizdə olsa, bizim gələcəkdə böyük ideyalarımız olar, yəni enerji mənbələrindən istifadə edərik, neftimiz də başqa sahələrdə, məsələn farmokologiyada işlənər, yaxşı dərmanlar istehsal olunar. Onda nefti milyon tonlarla deyil, kiloqramlarla ölçəcəklər. Götürək Naftalan neftini. 1904-cü ildə rus-yapon müharibəsində yaponların hamısında bir tubik vardı - naftalan nefti. Biri yaralananda yarasın vururdular, sağalırdı. Naftalan nefti hələ o vaxtdan məşhur idi, təsəvvür edin, Yaponiyada, 1904-cü ildə. 100 il əvvəl. İndi naftalana biz o qədər də fikir vermirik. Neftin farmokoloji əhəmiyyəti çox yüksəkdir, bu sahəyə biz diqqət yetirməliyik.
Ömrünüz kitablar arasında keçib, kitablaşmış ömür sahibisiniz. Müasir nəslin kitaba münasibətində bir ögeylik hiss olunur, bir az kitabdan uzaqlaşıblar.
Əsas səbəb odur ki, indi kitabların qiyməti çox bahadır, gənclərin almaq imkanı yoxdur. Kitabın qiyməti 30-40 min manat, gəncin maaşı isə 150 min manatdırsa, necə alıb oxusun? Kitaba marağın azalmasının 1-ci səbəbi qiymət məsələsidir, maddi imkanlarla bağlıdır. İkincisi, Azərbaycan dili ana dilimizdir. İndi biz üzümüzü tutmuşuq ingilis dilinə, bu müsbət haldır, ancaq unutmamalıyıq ki, əksər ədəbiyyatlar, dünya ədəbiyyatı, elmi ədəbiyyat və s. rus dilindədir, onlar Azərbaycan dilinə tərcümə olunmayacaq, onlardan bəhrələnmək üçün rus dilini bilməliyik. İndi uşaqlar ingilis dilini öyrənirlər, çünkü çörək, pul qazanmaq lazımdır, xarici firmalarda işləmək istəyir. Rus dilini itirməməliyik. Gənclər bu dili bilməlidirlər, bu zəngin ədəbiyyatdan bəhrələnməlidirlər.
Dahi insanlara, alimlərə baxanda insan intellektinə, idrakına heyran oluruq, insan idrakının sonsuzluğunu görürük. İntellektual sabahımızı necə təsəvvür edirsiniz?
Bilirsinizmi zəmanəmizdə fərq var. Mənim yaxşı müəllimlərim olub, həyat müəllimlərim. 22 yaşında mən gedirdim məşhur alim akademik İlyuşinin yanına. Mən gərək onun əsərlərini kitablarını oxuyaydım, bilməliydim İlyuşin kimdir? O da ilk baxışda elə mənim kimi adamdır. Ancaq adama qiymət vermək üçün onun kim olduğunu bilmək lazımdır. İndi bizdə oxumağa hövsələ yoxdur, tələsirik. Mən həmişə misal gətirirəm: bizdə belə bir model işləyir: Yəmək verirlər - əvvəlcə soyuq yemək, sonra isti yemək, sonra desert. Uşağa bu yeməkləri versən - əvvəlcə deserti yeyir, sonra isti yemək, sonda soyuq yeməyi, yəni hər şeyi tərsinə. İndi bizdə elmdə də belədir: əvvəlcə ad almaq istəyirik - xalq artisti, professor, akademik, düşünürük iki, sonra yəqin biliyimiz olacaq. Bu adları alandan sonra da adam doyur, bilik qazanmaq istəmir. Belə bir misal var: bir büyük qaba büyük qəmbərlər tökürük, görürük doldu. Sonra bir az xırda şeylər (məsələn, buğda) tökürük, yenə tutdu, görürük doldu, sonra lap xırda şey (məsələn, şəkər tozu) tökürük, onu da tutur, görürük doldu. Sonra maye tökürük: su, şərab, pivə və s. onu da tutur və dolur. Deməli, 4 cür şey tökdük tutdu, əgər bu qaba əvvəlcə xırda şey töksək, iri şeyləri tutmaz. Büyük qəmbərlər nə deməkdir? – Büyük ideyadır, həyatımıza xidmət edir. 2-ci sizin öz həyatınızdır: eviniz, işiniz, maaşınız olsun. 3-cü xırda ideyalar, intriqalar, 4-cü isə ləzzətdir. Bax bu istiqamətdə getsək, biz hər sahədə, eləcə də elmdə də, intellektlə düşünəsən ki, o da büyük ideyaya bağlanmalıdır. Sonra gəlsin xırda məsələlər, ondan sonra gərək ləzzət alasan. Biz bəzən yerlərini dəyişik salırıq, əvvəlcə ləzzət almaqdan başlayırıq, bu isə inkişafımıza mane olur.
75 yaş büyük Zirvədir - dahilik, müdriklik zirvəsi. Bu Zirvədə Sizə sual versələr: Siz kimsiniz, Azad müəllim?
Özünü kiməsə oxşatmaq bir az təvazökarlıqdan uzaq görünə bilər. Mən özümü Don Kixota bənzədirəm.
Neftçilərə Neft Daşlarına sözünüz, arzularınız?
Neft Daşları – Vətənimizin fəxridir, Azərbaycanımızın gələcəyidir. Neft Daşlarının camaatı yaxşı mənada xüsusi bir millətdirlər - yaxşı dostluq, yoldaşlıq etməyi bacarırlar, hərtərəfli geniş insanlardır. Biz Neft Daşlarının övladlarıyıq.
Sizin həyat amalınız «Hamımız Azərbaycana borcluyuq» çox müqəddəs və müqəddəs amaldır. «Hamımızın bir Vətənimiz olan Azərbaycanımızın» gələcəyini necə görürsünüz?
Kondratyev dalğaları var, rəqs dalğaları. Hər bir şeydə 3 mərhələ var: 1. Depressiya; 2. Enmə, düşmə; 3. Qalxma, yüksəliş. 25 il depressiya olur, 25 il enmə olur, sonra qalxma başlayır. Düşmə dövründə güclü dahi insanlar yetişir, onlar yüksəlişi hazırlayırlar. Rusiyanı götürək: onun yüksəlişi üçün 80-100 il vaxt lazımdır. Azərbaycanın imkanları çoxdur. İnşallah, gələcəyimiz parlaq olacaq.
Azad müəllim, müsahibəyə görə Sizə minnətdarıq.75 illik yubileyiniz münasibəti ilə neftçilərimizin təbrikini Sizə çatdırmaqdan şərəf duyuruq. Azərbaycanın öz intellekti ilə dünya bazarına çıxması arzunuza çatasınız, Vətən torpaqlarının qaytarılması kimi ali mükafatınızı alasınız! Sizi həmişə Zirvələrdə görək!