Ad, soyad, kitab adı, patent, dissertasiya mövzusu və ya yetirmənin adı ilə axtarın.

Xatirə

Akademik Mirzəcanzadə - Vətəndaş, Pedaqoq, Alim, Mütəfəkkir

Akademik Azad Mirzəcanzadə 29 Sentyabr 1928-ci ildə Bakıda, ziyalı ailəsində dünyaya gəlib. O, 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun tələbəsi olmuşdur və demək olar ki, həmin müddətdə Bakı şəhərinin 18 №-li və 44 №-li orta məktəblərində müəllim işləmişdir.

Hələ tələbəlik illərindən gənc Azad Mirzəcanzadədə elmə maraq yarandı. O, diplom rəhbəri olmuş Roman İvanoviç Şişenko ilə birgə Bakı Karamel-Qənnadı Fabrikində patokanın hidravlik xarakteristikalarını öyrənməklə gilli məhlulların axınının modelləşdirilməsində ilk addımı atmışdı.

Azərbaycan Neft Təsərrüfatı jurnalının 1948-ci il, 11-ci №-sində AZİİ-nin 4-cü kurs tələbəsi Azad Mirzəcanzadənin “О целесообразности приготовления бурового раствора напластовой воде” adlı məqaləsi dərc olunmuşdur. Gənc tədqiqatçı ilk məqaləsində sübut etmişdi ki, qazma məhlulunun hazırlanmasında istifadə olunan Səthi Fəal Maddələr lay sularında süxur mineralları ilə təmasda olduqda onlar SFM ilə zənginləşərək qazma məlulunun hazırlanmasında istifadə oluna bilər.

Gənc alimin bu və başqa tədqiqatlarının nəticələri 1951-ci ildə müdafiə etdiyi “Элементы гидравлики глинистых растворов” adlı namizədlik dissertasiyasında öz əksini tapdı. Həmin vaxtda Azad müəllim Azərbaycan SSR-nin Akademiyasının Neft Ekspedisiyasında b.e.i vəzifəsində çalışırdı.

Azad müəllim elmi-tədqiqat fəaliyyəti ilə yanaşı müəllimlik həvəsi və qabiliyyəti nəticəsində 1952-1960-cı illərdə o vaxtki Azərbaycan Dövlət Universitetində “Nəzəri mexanika” və “Geofizika” kafedralarının ardıcıllıqla dosent və professoru olub. O zaman ADU-da Azad müəllimin tələbəsi olmuş şəxslərdən çoxu sonralar Azərbaycanın tanınmış alimləri olmuşdur və bəziləri hal-hazırda da çalışmaqdadır.

1957-ci ildə Azad Mirzəcanzadə Moskva Dövlət Universitetinin Mexanika İnstitutunda “Вопросы гидромеханики вязкопластичных и вязких жидкостей” mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə etmiş, elmi məsləhətçi olmuş prof. İlyuşin A.A. vurğulayaraq demişdir ki, “Mən bu dissertasiya işindən daha çox yararlandım, nəinki Mirzəcanzadə məndən - elmi məsləhətçidən.”

Gənc alim doktorluq müdafiəsindən sonra daha yüksək templə tədqiqatlarını davam etdirdi və onun elmi məktəbi yaranmağa başladı. Alim 34 yaşında Azərbaycan SSR-nin müxbir üzvü, 40 yaşında isə akademik seçildi.

Qeyd etmək olar ki, akademik Mirzəcanzadənin elmi məktəbinin fərqlənməsinin əsas səbəbi ondan ibarətdir ki, onun tərəfindən işlənib təklif olunmuş özlü-plastik və özlü-elastik sistemlərin süzülməsinin fenomenoloji nəzəriyyəsi və təklif olunan yanaşmalar çoxsaylı qeyri-Nyuton sistemlərin hasilatı və nəqli məsələlərinin həllində istifadə olunur. Tədqiqatlar və kəşflər qazıma, neft-qazçıxarma və xüsusi avadanlıqlarda tamamilə yeni materialların istifadə olunmasına aiddir.

Bütövlükdə qeyd etmək olar ki, akademik Azad Mirzəcanzadənin adı yataqların işlənməsində ənənəvi yanaşmadan, yəni əsas olaraq xətti hərəkət qanunlarından imtina olunması ilə bağlıdır. Onun elmi məktəbi tərəfindən dünya təcrübəsində ilk dəfə olaraq neft-qazçıxarma obyektlərinin öz-özünü təşkil edən dinamik sistemlər olması irəli sürülmüşdür, hansı ki, əsasən qeyri-xəttiliklə, qeyri-dayanıqlılıqla və qeyri-stasionarlıqla fərqlənir.

Akademik elmi məktəbin yaranmasında kadrların hazırlanması zamanı elmi ənənələri yaradaraq müasir biliklərin müəllim tərəfindən tələbələrinə transfer olunmasına önəm verirdi. Bu çətin, böyük əmək tələb edən prosesin reallaşmasında Azad müəllim müntəzəm şəkildə elmi konfranslar, seminarlar və məktəb-seminarların keçirilməsinə böyük əhəmiyyət verirdi. Nəticədə elmi məktəbin tanınması və təsiri Azərbaycanın, keçmiş SSSR-nin sərhədlərini aşdı və bu da Azad Mirzəcanzadə elmi məktəbinin dünya miqyasında tanınmasına və qəbul olunmasına gətirib çıxardı.

Bununla əlaqədar olaraq Azad müəllimin vacib bir şüarı var idi ki: “İdeyaları bağışlamaqda xəsis olmaq lazım deyil.” Hər bir sahədə mütəxəssis o şəxs ola bilər ki, mütəxəssis olmayan, başqa sahədən olan şəxsə düsturlardan, qrafiklərdən istifadə etmədən, sadə dildə, öz ixtisasının mahiyyətini çatdıra bilsin. Mühəndis kimdir və kimə mühəndis demək olar? Bir neçə tərif təklif olunur:

  1. Hər sahədə çalışan mühəndis 10 haldan 7-sində düzgün texnoloji qərar qəbul edə bilməlidir.
  2. Mühəndis o mütəxəssisdir ki, müxtəlif fiziki, texnoloji proseslərdə anoloji uyğunluq və fərqlənmələri aşkar edib ortaya çıxara bilsin .
  3. Retrospektiv təhlil əsasında cari vəziyyəti nəzərə almaqla gələcəyə proqnoz vermək bacarığına malik olsun.
  4. Hər bir mühəndisin düşüncə tərzi simfonik xarakter daşımalıdır.

Azad müəllimin daha bir görüşü mövcud idi. Onun fikrincə müasir texniki universitetin tərkibində, elmin nailiyyətlərinin və yeniliklərinin birbaşa tədrisdə istifadə edilməsi məqsədi ilə elmi-tədqiqat institutu olmalıdır və ikinci - hər bir ali təhsil ocağının tərkibində özünün simfonik orkestr olmalıdır.

Azad müəllimin təşəbbüsü və mərhum prof. Çapay Sultanovun dəyərli köməyi ilə 16 Mart 1992-ci ildə o zaman baş nazir olmuş Həsən Həsənov tərəfindən Azərbaycan Dövlət Neft Akademiyasının, indiki ADNSU-nun nəzdində “Neftin Qazın Geotexnoloji Problemləri və Kimya ETİ”-nin yaranması barədə qərar imzalandı.

Daha sonra Azad müəllimin təşəbbüsü və akademik Xoşbəxt Yusifzadənin və o vaxtkı Energetika naziri Natiq Əliyevin dəstəyi ilə “Azərbaycan Milli Dünya Neft Konqresi Komitəsi” yarandı.

Azad müəllim neft-qazçıxarma proseslərində sürətli müqayisələrdən tez-tez istifadə edirdi.Bu baxımdan Azad müəllim deyirdi ki, neft və qaz quyusu kaprizli bir xanımdır. Quyuya yanaşarkən mühəndis “Ağ əlcəklər”də olmalıdır və bu yanaşma incə olmalıdır, əks halda quyu - kaprizli xanım qisas ala bilər.

Hər hansı bir mürəkkəb mövzunu anladanda düsturlardan əvvəl Azad müəllim linqvistik yol ilə o prosesin fəlsəfəsini açıqlayırdı. Misal üçün avtorəqsləri və yaxud dalğavari prosesləri anladanda sistemin öz-özünün mütəşəkkil formada tənzimləmə qabiliyyətini “yırtıcı-qurbanlar” misalında çatdırırdı. Fərz edək ki, bir ada var. Həmin adada da vaşaq və dovşan populyasiyası yerləşib. Dovşanın yemi otdur, vaşaqın qidası isə dovşandır. Adada qida çox olduqda dovşanlar istədiyi qədər qidalanaraq nəticədə öz sayını artırır, amma yem azaldıqda aclıq baş verir və dovşanların sayının azalma tendensiyası yaranır. Bununla yanaşı yırtıcı vaşaqların hər dovşanla görüşü dovşanların azalması ilə nəticələnir və get-gedə bu proses inkişaf etdikcə vaşaqlar qidasız qalaraq azalmağa doğru gedirlər. Yırtıcıların azalması şərait yaradır ki, onların qurbanı olan dovşanların sayı artmağa doğru getsin və nəticədə bu proses dalğavari təkrar olunur.

Avtomodel yanaşmanı Azad müəllim neft yataqlarının işlənməsi prosesinin təhlilində istifadə edir və başlanğıcda nefti qurban adlandırır, laya daxil olacaq suyu isə yırtıcı. Layı işğal edən su fondu böyük sürətlə layı işğal edir və bəzi neftli zonaları əhatə edərək onların quyuya yolunu kəsir. Layın sulaşması artdığı zaman sürətli mayenin laydan götürülmə üsulları tətbiq olunduqda qurbanla yırtıcının yerləri dəyişir. Bu zaman su olur qurban, neft isə olur yırtıcı. Ədəbiyyatda avtorəqslər prosesini bundan gözəl anladan bənzətməyə rast gəlinməyib.

Azad müəllim öz məktəbi ilə tədqiqat aparan zaman tədqiqatların uğurunu bir faktorla təmin edirdi - bu da elmi rəqabət. Eyni məsələni o, eyni vaxtda həm bizə - Bakıdakı məktəbin nümayəndələrinə, həm də Moskvadakı, Ufadakı və yaxud Uxtadakı əməkdaşlarına da verirdi. O, bizə əvvəlcədən xəbərdarlıq edirdi ki, kim bu məsələni tez həll etsə o, udmuş olacaq. Həyat göstərdi ki, elmi rəqabət faktoru başqa faktorlarla yanaşı Azad müəllimin məktəbinin genişlənməsində və inkişafında aparıcı qüvvə oldu.

Azad müəllim tərəfindən başqa bir maraqlı yanaşma da təklif olunmuşdur.

Məhsuldar lay, orada yerləşdirilmiş quyular və yer səthində quyuları məhsulun yığım məntəqəsi ilə birləşdirən boru kəmərləri vahid qaz-hidrodinamik sistem təşkil edir. Əvvəlcə sadalanmış elementlər isə bu vahid sistemin alt sistemləri adlana bilər. Sistemin hər hansı bir elementində baş verə bilən dəyişiklik nəticədə vahid qaz-hidrodinamik sistemin vəziyyətini dəyişmiş olur. Şərtlərin dəyişməsində məhdudiyyətlər vardır. Yəni quyudibi təzyiqini azaltdıqda depressiya artmaqla axın çoxalır və bu axını quyu vasitəsilə yer səthinə çatdırmaq üçün quyuağzı təzyiq azalmalıdır, nəhayət quyu məhsulunu biz yığım məntəqəsinə çatdırmalıyıq. Bu zaman quyudibi təzyiqin düşməsi ilə əlaqədar başqa bir məhdudiyyəti nəzərə almaq lazım gəlir, belə ki təzyiq aşağı düşdükdə sistem iki sistem iki fazaya çevrilir və sistemdə müqavimətlər artır. Vahid qaz-hidrodinamik sistem qapalı termodinamiki sistemdir. Orada dissipasiya prosesləri gedə bilər, lakin bu sistem öz-özünü tənzimləyə bilən sistemdir və bu baxımdan Azad müəllim tərəfindən sistemlərin vəziyyətini araşdırmaq məqsədi ilə entropiya təhlili irəli sürülüb. Məlumdur ki, entropiya sistemin qeyri-müəyyənlik dərəcəsini göstərməklə o biri tərəfdən sistemin potensial imkanlarından xəbər verə bilir. Bənzətmə üsulunu istifadə edərək Azad müəllim vaxtilə entropiya prinsipini qərarları qəbul edən baş direktora bənzətmiş, enerjinin saxlanması qanunu isə baş mühasib adlandırmışdır, hansı ki debet və kreditləri tarazlaşdırır. Beləliklə mürəkkəb qaz-hidrodinamik proseslərini Azad müəllim obraz yanaşma ilə tələbələrinə və ya auditoriyaya çatdıra bilirdi. Burada qeyd etdiyimiz yanaşmalar öz növbəsində Azad müəllimin elmi məktəbinə öz töhfələrini vermişdir və nəticədə həmin məktəb beynəlmiləl olaraq bütün coğrafi sərhədləri aşmışdır. Elmi məktəbin mərkəzləri Bakı, Moskva, Uxta və Sankt-Peterburq olmuşdur.

Azad müəllim keçmiş SSSR-i məkanı və bir sıra xarici ölkələr üçün yüksək səviyyəli elmi kadrlar hazırladı. Hal-hazırda Başqırdıstan, Moskva, Tatarıstan, Komi, Özbəkistan, Türkmənistan, Ukrayna, Misir, İraq, Suriya, Əl-Cəzair, Bolqarıstan, Polşa, Yəmən və başqa regionlarda onun yetirmələri çalışırlar. Azad müəllim öz fəaliyyəti dövründə 30-dan artıq Moskvada, Tyumendə, Ufada, Uxtada keçirilmiş müxtəlif beynəlxalq konfrans və seminarların təşkilat komitəsinə sədrlik etmişdir:

  • neftqazmədən mexanikası
  • neft və neft məhsulları boru kəmərlərinin texniki diaqnostikasının hidrodinamikası və etibarlılığı məsələləri
  • tətbiqi riyaziyyat metodlarının qazma və neftçıxarmada tətbiqi
  • quyudibi sahəyə yeni təsir üsulları
  • mədən məhlulları və tamponaj sistemlərin hidravlikasında yeni nailiyyətlər
  • qazma və tamponaj məhlullarının hidravlikası
  • neftçıxarma proseslərinin termodinamikası
  • karbohidrogenlərin müasir fizika və mexanika problemləri
  • quyu və layların hidrodinamiki tədqiqat üsulları
  • neft yataqlarının işlənməsinin müasir üsullarla təhlili
  • qaz və qazkondensat yataqlarının işlənməsinin təhlil üsulları
  • quyudibi sahəyə fiziki və fiziki-kimyəvi təsir üsulları
  • qaz və qazkondensat hasilat quyularının iş rejiminin tənzimlənməsi
  • neftçıxarma və neft-qaz emalı sistemlərində bütöv mühitlərin mexanikası problemləri üzrə seminar-məktəb
  • neft yataqlarının işlənməsi üzrə beynəlxalq konfranslar
  • Xəzərneftqazlayihə Faktor 4 beynəlxalq konfransı

Azad müəllim öyrədirdi ki, quyuları dinləməyi bacarmaq lazımdır və bunun nəticəsində hətta quyuda baş verən proseslər haqqında fikir də söyləmək olur. Quyu topluluğunu Azad müəllim simfonik orkestra bənzədirdi və mütəxəssisin bu orkestrın dirijoru olmasını tövsiyə edirdi. Misal olaraq deyirdi ki, səsli alətlər başladı, zərb alətləri başladı, daha sonra simli alətlər qoşuldu və simfonik orkestr, yəni quyuların normal istismarı təmin edildi.

Quyularda hər hansı bir texnoloji əməliyyatı aparmazdan qabaq onları bir neçə qruplara bölürdü. Bu zaman o, Pareto prinsipindən istifadə edirdi. Bu riyazi yanaşma iqtisadiyyatdan gəlmişdir və əgər hər hansı bir ölkənin bütün sərvətini 100% qəbul etsək, ölkə sərvətinin 80%-i 20% əhaliyə məxsus olmalıdır, qalan 20% isə 80% əhaliyə məxsus olmalıdır. Belə olan halda həmin cəmiyyətin inkişafı təmin olunur. Orta vətəndaşın varlanmağa motivasiyası olur və zənginlər isə vergilərin ödənməsinə maraqlı olurlar. Quyulara gəldikdə isə hər hansı bir əməliyyatdan öncə quyuları da varlı və kasıb quyulara bölürük, burada bir neçə variant ola bilər. Hər hansı quyu neftə görə varlı, suya görə kasıb və yaxud həm neftə, həm də suya görə zəngin, yaxud həm neftə, həm də suya görə kasıb və ya neftə görə kasıb, suya görə zəngin ola bilər və bu təsnifat logorifmik paylanmaya tabe olmalıdır. Nəticədə birinci növbədə əməliyyata getməli quyular, ikinci növbədə və sonuncu növbədə olan quyular planlaşdırılır.

İlk dəfə olaraq neft-qazçıxarmada riyazi statistikanın tətbiqini Azad müəllim irəli sürmüş və bu istiqamətdə çox sayda işlər görmüşdür. Buna misal olaraq onu gətirmək olar ki, hələ ikinci kurs tələbəsi olaraq bizi - bir neçə tələbəni Azad müəllim elmi-təsərrüfat işlərində iştirak etməyə cəlb etmişdi və qarşımızda onun tərəfindən məsələ qoyulmuşdu ki, qazma baltasının dağ süxurlarını dağıdıb dərinləşmə prosesinə baltanın səmərəsi öyrənilsin. Bu işin icrası zamanı Monte Karlo metodu bizim tərəfimizdən tətbiq olundu. Biz baltanın dişlərinin sayını və yerləşməsini dəyişdirərək süxurların dağıdılma prosesini öyrənirdik. Alınmış nəticələri çoxfaktorlu dispersion təhlili metodu ilə qiymətləndirdik və nəticədə bizim üçün çox fərəhli hal oldu ki, həmin nəticələr öz əksini nəşr olunmuş kitabda tapdı. Azad müəllim ilk dəfə olaraq neft-qazçıxarma proseslərinin təhlilində topoloji üsulu təklif etdi və fraktal ölçülər tətbiq olunaraq texnoloji prosesin cari vəziyyətini qiymətləndirmə imkanları yarandı. Tələbəlik illərimdə tətil vaxtı gözəl bir şəhərdə olarkən kitab mağazasında yüksək səviyyədə nəşr olunmuş bir kitaba rast gəldim. Müəllifi P. Ya. Polubarinova - Koçina və kitab Sovet mexanikasının 50 illiyinə həsr olunmuşdur. Kitabı vərəqləyərkən Azad müəllimə və onun elmi nəticələrinə aid bəndə rast gəldim. Orada deyilirdi ki, A.X.Mirzəcanzadə tərəfindən ümumiləşdirilmiş Darsi qanunu verilmişdir və bu Mirzəcanzadə formulu adlandırılmışdır. Orada Darsinin süzülmə qanununda əlavə element olaraq təzyiqin başlanğıc qradiyenti nəzərə alınmışdı. Mən o an qürur hissi keçirdim və bu yaxınlarda Nəzəri mexanika fənnindən imtahan verdiyim, mənim gözümdə dahi olan müəllimimizin dünya elmində yerinin əks olunmasının şahidi oldum, ilk dəfə mən tələbə ikən Azad müəllimin elmdə böyük yerini gördüm. Sonralar yaşa dolduqca bu kitabda göstərilən nəticəni dərk etdim. Bu bilavasitə Azad müəllimin tez-tez istifadə etdiyi ifadə ilə uzlaşırdı: “Xırdalıqlardan doğan möcüzələr”.

Nəzər salaq. Əgər məsaməli mühiti kapillyar kimi təsvir etsək və bu kapillyardan süzülmə prosesi zamanı irəli və geriyə hərəkət zamanı meniskin histerezisi baş verir və nəticədə kapillyarda cüzi də olsa əlavə təzyiqlər fərqi yaranaraq ümumi süzülməyə müqavimət göstərir. Real süxura N sayda kapillyarların cəmi kimi baxsaq, bu kiçik olan əlavə təzyiqlər fərqi böyük bir qiymətə çevrilir. Bu da laylarda başlanğıc təzyiq qradiyentlərinin yaranmasını göstərir və bunları hökmən aşmaq zərurətində oluruq. Bunun müxtəlif üsullarını da Azad müəllim təklif etmişdir. Hərdən o başqa bir misal da gətirirdi bu silsilədən olan Koreolis təcili mahiyyətcə kiçik olsa da, amma nəzərə alınmasa və kompensə edilməsə, kosmik gəminin trayektoriyasını dəyişərək gəminin yerə qayıtmasına mane ola bilər.

Texnoloji prosesləri öyrənərkən hərəkətin differensial tənliyini alan zaman tam həlli üçün başlanğıc və sərhəd şərtlərinin düzgün seçilməsi çox vacibdir və bu da bəzi riyaziyyatçılarda intuisiya səviyyəsində olsa da, sual verdikdə izah etməkdən nədənsə qaçırlar. Azad müəllim Yeraltı hidravlika kursunun mühazirələrini oxuyarkən avtomodel üsulunu, Koşi məsələsini izah edərkən başlanğıc şərtlər olmadan tənliyin həllini izah etdikdə və s. çox açıq və şəffaf şəkildə sərhəd və başlanğıc şərtlərinin həm özlərinin həm də sayının tapılma üsulunu öyrətdi. Burada Albert Einşteinin bir ifadəsi yerinə düşür ki, “Əgər bildiyini sadə şəkildə izah etməyi bacarmırsansa, deməli sən özün bunu dərindən dərk etməmisən.”

Azad müəllim tələbələrinə özlərini aparma qaydalarını, mənliklərini mühafizə etməyi və başqa etik normaları da aşılayırdı. Onun sevdiyi bir ifadə var idi “Never explain, never complain”. Azad müəllimin sevdiyi ifadələrdən biri də bu idi: “Dəqiqlik kralların nəzakətliliyidir”. O, həmişə həm əməkdaşlarına, həm də tələbələrinə siz deyə müraciət edib və nadir hallarda sən ifadəsini istifadə etdikdə bilirdik ki, həmin şəxsdən nəyəsə görə narazıdır.

Akademik Azad Mirzəcanzadə elmi-pedaqoji fəaliyyətinə 1959-cu ildən başlayaraq ömrünün son gününə qədər Azərbaycan Neft və Kimya İnstitutu adlanan, sonralar Azərbaycan Dövlət Neft Akademiyası adını daşımış təhsil ocağında işlədi və öz elmi məktəbinin mərkəzini də məhz burada qurdu. Həmin təhsil ocağında o, “Nəzəri mexanika” kafedrasının müdiri vəzifəsindən başlayaraq, sonralar “Neft və qaz yataqlarının işlənməsi və istismarı” kafedrasının müdiri oldu. Bununla yanaşı SSSR-i məkanında tanınmasının nəticəsi olaraq müxtəlif elmi-tədqiqat və tədris təşkilatları onu əməkdaşlığa dəvət etməyə başladılar.

1968-2003-cü illərdə Azad Mirzəcanzadə Moskvada ВНИИнефть Elmi-tədqiqat İnstitutunda şöbə müdiri, 1969-1975-ci illərdə SSSR-nin Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda şöbə müdiri və həmin institutda SSSR-i məkanı dağılanadək A. Mirzəcanzadə - S. Xristianoviç Elmi Seminarın rəhbəri oldu. Adı çəkilən seminarda son alınmış elmi nəticələri məruzə etmək üçün 1986-cı ilin Yanvar ayında Azad müəllimin tapşırığı ilə 4 nəfərdən ibarət kafedranın əməkdaşları Moskvaya ezam olundu və dosent T.Salavatova aldığı nəticələri bu seminarda müzakirəyə çıxarmaq həvalə olundu. Məruzəçi böyük auditoriya qarşısında çıxış etdi. Seminarın iclasında akademik Xristianoviç şəxsən sədrlik etdi, geniş və ciddi müzakirə olunaraq bizim tərəfimizdən alınmış nəticələr bəyənildi. Sözsüz ki, bu hadisə bizim məktəb üçün, yəni Azad müəllimin elmi məktəbi üçün uğurlu nəticə idi.

O, 1969-1975-ci illərdə Ufada yerləşən SSSR-i məkanında mərkəzi olan “Neftin boru xətləri ilə nəqli” Elmi-Tədqiqat İnstitutunda şöbə müdiri və1988-1990-cı illərdə Ufa Neft İnstitutunda kafedra müdiri; 1992-2000-ci illlərdə Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının sədri və 1993-2000- ci illərdə Azərbaycan Respublikasının Elm və Texnika Dövlət Komitəsinin sədri vəzifələrində çalışmışdır.

Azad Mirzəcanzadənin yaratdığı elmi məktəbə şəxsi tövhəsi onun tərəfindən hazırlanmış 400 elmlər namizədi və 100-dən artıq elmlər doktoru olmuşdur. Azad müəllimin elmi kadrların yetişdirilməsində üslubu ondan ibarət idi ki, aspiranturaya və doktoranturaya namizədlər özü tərəfindən seçilir, onların mövzuları, məsələlərin qoyuluşu və yerinə yetirilməsi yalnız özü tərəfindən, heç kəsə tapşırmadan həyata keçirilirdi. Aspirantlarına və yaxud doktorantlarına yeni bir elmi məsələni izah edərkən o heç vaxt “Başa düşdünüz?” ifadəsindən istifadə etməzdi və hər zaman “Deyə bildim?” ifadəsinə üstünlük verərdi. İlk baxışdan bu, qəribə gələ biləcək sual olsa da, əslində isə bu ondan irəli gəlirdi ki, o, qarşı tərəfin elmi problemi qavrayıb mənimsəməsinin məsuliyyətini ilk növbədə öz üzərinə götürürdü.

Azad müəllimin tədris yükü həddindən artıq dərəcədə böyük idi. O, universitetimizin demək olar ki, bütün kafedralarında dərs deyirdi və bu prossesi həyata keçirərkən onun məqsədi seçilmişlərin seçilmişlərini aşkar edərək, onları gələcəkdə elmi fəaliyyətə cəlb etmək idi. Qətiyyətlə vurğulamaq olar ki, Azad müəllimin mühazirələrini və seminarlarını heç kəs əvəz etməyib, yalnız özü bütün bu işlərə vaxt tapırdı. Hətta əgər bir və ya iki həftəlik başqa ölkələrə səfər planlaşdırırdısa, dərs dediyi qruplarda ayrı fənlər üzrə müəllimlərin saatlarından istifadə edərək bir və ya iki həftəlik məzuniyyətə gedə bilirdi. O, məzuniyyətdə olduğu müddətdə isə biz digər müəllimlərin tədris saatlarının “borcunu” qaytarırdıq.

Azad müəllim çox gözəl dərk edirdi ki, onun süzgəcindən keçən elmi ordunun tükənməz olması üçün tələbələrdən daha gənc nəslə diqqətini yönəltməlidir, yəni orta məktəb şagirdlərinə. 1988-ci ildə o, Bakı məktəblərindən birinin təməlində lisey yaratdı. Həmin liseydə həm şagirdlər üçün, həm də müəllimlər üçün əsas fənlərdən xüsusi proqram tərtib etdi. Azad müəllim ayrılıqda həm müəllim heyəti, həm də şagirdlər üçün özü şəxsən dərs keçirdi. Bununla yanaşı o, həmin liseyə Azərbaycanın müxtəlif istiqamətlərdə olan görkəmli xadimlərini: musiqi, arxeologiya,tarix, tibb və başqa sahələrdən olan tanınmış insanları uşaqlara dərs demək üçün dəvət edirdi. Akademikin bu təşəbbüsündən xəbərdar olmuş dövlət qurumları Azad müəllimə elə hüquq vermişdi ki, şagirdlərin buraxılış imtahanlarının nəticələrinə əsaslanaraq, Azad müəllimin təklifi ilə (qəbul imtahanı olmadan) uşaqlar müxtəlif universitetlərə qəbul olunurdu. Lisey məzunlarının sənət seçimləri yalnız riyaziyyat, fizika, kimya və ya texnika ilə məhdudlaşmamışdı, onlara müxtəlif humanitar sənətlərin də seçimi imkanı verilirdi. Nəticədə çox sayda Azərbaycanın istedadlı oğulları və qızları həm Azərbaycanda, həm də xarici ölkələrdə oxumağa imkan tapdılar və öz vətənlərinə qayıdaraq aldıqları bilikləri vətənin inkişafı üçün ortaya qoydular. Onların içərisində hətta nazir vəzifəsinə yüksələn məzunlardan nümunə kimi Mikayıl Cabbarovu göstərmək olar.

Azad müəllimin pedaqoq-müəllim tədris üslubu özünəməxsus idi. Bunu birinci kursdan AZİİ-nin tələbəsi olmuş və sonradan həyatını Mirzəcanzadə elm məktəbi ilə bağlamış məruzəçi təsdiq edə bilər. İlk dəfə bizim tanışlığımız “Nəzəri mexanika” məruzələrində oldu. O, bizim qrupa bu fənni tədris edirdi. Bildiyiniz kimi bu fənn statika, kinematika və dinamikadan ibarətdir. Qəbul edilmiş tədris normasına əsasən bu bölmələr hər biri ayrı-ayrı semestrlərdə tədris olunur. Azad müəllim bizə - tələbələrə tövsiyə etdi ki, biz onun dərslərinə 3 dəftərlə gələk və ayrılıqda hər bir dəftəri statika, kinematika və dinamika adlandıraq. Müəllimimiz tərəfindən bizə çatdırıldı ki, hər hansı bir auditoriya 21 dəqiqə ərzində müəllimə diqqətlə nəzər sala bilər və bu müddətdən sonra 22-ci dəqiqədən başlayaraq auditoriyanın tədris edilən materialı qavrama qabiliyyəti azalır, yəni bir növ tələbələrdə yorğunluq yaranır. Və müəllimin də ustalığı ondan ibarətdir ki 20-21 dəqiqədən sonra auditoriyanın nəzərini başqa mövzuya dəyişdirsin. Yəni statikadan yorulanda bizə kinematikadan danışırdı və yaxud da dinamikadan. Beləliklə, biz tələbələrin qavrama fəallığını tükənməyə qoymurdu.

Mühazirə zamanı müəllimimiz həm ədəbiyyata, həm incəsənətə, musiqiyə, opera və balet kimi mövzulara toxunurdu. İlk dəfə olaraq bizə ədəbiyyatda “kumulyasiya effekti”ni anlatdı. Auditoriyaya belə bir sualla müraciət etdi: “Şekspirin Hamlet personajının bədən quruluşu necə idi? Arıq idi, yoxsa artıq çəkili?”. Biz də məşhur artist İnnokenti Smoktunovski-nin Hamlet filmində oynadığı rolunu gözümüzün önünə gətirərək cavab verdik ki, Hamlet incə bədən quruluşlu bir gənc idi. Gülümsəyərək bizə ikinci sualı verdi: “Tolstoyun Pyer Bezuxov qəhrəmanının bədən quruluşu necə idi?”. Bütün auditoriya kök və şişman adam olduğunu dedi. Azad müəllim dedi ki: “Bu ona görədir ki, müəllif Pyer Bezuxovun kök adama xas xüsusiyyətlərini əsərin bir neçə hissəsində vurğulayıb. Bu da həmin bu kumulyasiya effektinin nəticəsində bizim təsəvvürümüzdə düzgün olaraq şişman və ağır hərəkət edən adamın əksini yaratmışdır.” Hamletə gəldikdə isə, müəllim bizə izah etdi ki, Şekspir Hamletin bədən quruluşunu əsərin yalnız bir yerində göstərir və həqiqətdə isə Hamlet də şişman və ağır hərəkət edən bir gənc olub.

Statika kursunun başa çatmasına bir neçə müddət qalmış Azad müəllim bizə çatdırdı ki, imtahan biletləri olmayacaq. Bütün qulaq asdığımız proqram qarşımızda olacaq, imtahan sualları oradan seçiləcək və əlavə suallar kimi bunları bizə yazdırdı:

  1. Bakı şəhərini gəzərək və qədimi binalara nəzər salaraq Bakıda mövcud olan arxitektura stillərinin təsnifatını vermək.
  2. Minimum 10 opera, balet və ya konsertləri dinləmək və ya seyr etmək.
  3. Dənizkənarı bulvara gedərək orada yerləşən açıq uşaq teatrının tavanının Papus - Gülden teoremini tətbiq edərək həmin sferanın ağırlıq nöqtəsini tapmaq.

Azad müəllim çox müxtəlif istedadlara malik olan şəxsiyyət idi. Bir dəfə fortepianoda Azərbaycan Demokratik Respublikasının himnini ifa etməsinə şahid oldum. SSSR-i dövrünün qatı vaxtlarında bizə - tələbələrə Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbərlərinin adlarını çatdırdı. Mən sayıram ki, bununla Azad müəllim gənc nəslə öz vətəndaşlıq borcunu nümayiş etdirib. Həqiqətən Azad müəllim Azərbaycanın vətənpərvəri idi, öz vətənini və onun üçün vətənin rəmzi olan anası Asya xanımı da çox sevirdi. 1995-ci ildə institutumuzun dəftərxanasına bir məktub gəldi və məndən xahiş etdi ki, dəftərxanadan o məktubu gətirim. Otağına daxil olduqda soruşdu ki, məktub haradandır, cavab verdim ki, Moskvadandır. Məndən zərfi açmağımı xahiş etdi və M.F.T.İ SSSR-inin məşhur FİZTEX institutunun rektoru, dünyaca məşhur alim, riyaziyyatçı, geofizik və mekaxnik akademik, Dorodnitsın Anatolii Alekseyeviç tərəfindən məktubda Azad müəllimə bildiriş yazılmışdı ki, o, FİZTEX-in müsabiqəsi yolu ilə Hidroaeromexanika kafedrasının müdiri seçilib və Sentyabrın 1-dən fəaliyyətinə başlamaq üçün Moskvaya dəvət olunur.

Azad müəllim sual verdi ki: “Bu məktubu necə qiymətləndirirsiniz?” Təbii ki, cavab ondan ibarət oldu ki, bu hadisə birinci növbədə Azad müəllimin böyük alim kimi tanınmasının və onun elmdə almış olduğu böyük nəticələrin tanınmasının sübutu idi. Növbəti sual ondan ibarət idi ki, “Qəbul edimmi bu təklifi, yoxsa yox?” Cavab isə belə oldu ki, “Qərar sizindir”. Azad müəllimin növbəti sualı belə oldu ki: “Sizə Amerikada işləmək təklifi gəlsə idi, gedərdinizmi?” Cavab ondan ibarət oldu ki, “Mən böyük ailənin nümayəndəsiyəm və hal-hazırda ata əvəziyəm. Bu səbəbdən bu cür təklifləri mən qəbul edə bilmərəm.” Bu epizod çox düşündürücü idi və ağlıma gələn bir versiya ola bilərdi ki, Azad müəllim nə isə bir çıxış yolu axtarırdı. O dövrdə Azad müəllimdə hər hansı bir narahatçılıq hiss olunurdu və bu narahatçılıq müəyyən vaxt keçdikdən sonra bizə aşkar oldu. 1987-ci ilin 26 Avqust tarixində ənənəvi olaraq Dzerjinski, indiki Şəhriyar klubununda yeni tədris ili ilə əlaqədar institutun ümumi iclası keçirilirdi. Azad müəllim həmin iclasda kəskin çıxış edərək o dövrdə mövcud olan təsərrüfat və elmi işlərdə olan narazılığını bildirdi və prorektorların birinə üzünü tutaraq dedi ki: “Siz öz həmmillətliniz olan Albert Einştein ilə, Karl Marks ilə şübhəsiz ki, qürur hissi keçirirsiniz, mən də “Alma-mater” olan institutumuz ilə fərəhlənmək istəyirəm. Lakin mənə bu imkan verilmir və mənim bir çıxış yolum var, mən sizinlə bir kollektivdə işləyə bilmərəm” və ertəsi gün o, istefa ərizəsini yazdı. Bu addımın rezonansı çox böyük oldu və bu addıma yalnız alim tərəfindən vətəndaşlıq protesti kimi baxıla bilərdi. Yaranmış vəziyyətdən çıxış olaraq o zaman akademiyanın prezidenti olmuş hörmətli Eldar Salayev və Riyaziyyat və Mekanika İnstitutunun. direktoru hörmətli mərhum Fərəməz Maqsudov institutun nəzdində “Neftin Qazın Qeyri-xətti Mexanikası” adlı şöbə yaratdı və Azad müəllim kafedrasının bir qrup əməkdaşı ilə həmin şöbəyə işə dəvət olundu. Azad müəllim o şöbənin rəhbərliyini ictimai əsaslarda icra edirdi, yəni maaş almadan. Hal-hazırda həmin şöbə bu gün də fəaliyyətdədir və o vaxt gedənlərdən Pənahov Geylani, Abbasov Eldar, Ağayeva Gülşən və başqaları fəaliyyətlərini davam etdirirlər.

1989-cu ildə Azad müəllim yenidən Neft-Kimya İnstitutuna və o zamanki tutduğu vəzifəyə qayıtdı. O, ömrünün sonuna kimi öz “Alma-mater”-ində çalışdı. Azad müəllim gələr-gəlməz AZİİ-nin nəzdində doktorantura yaratdı və həmin doktoranturanın ilk məzunları doktorluq dissertasiyalarını müdafiə etmiş, hal-hazırda Ufa Neft-qaz texniki universitetinin rektoru Ramil Baxtizin və Qazpromneft şirkətinin elm üzrə direktoru Xasanov Mars oldular. Qısa bir müddət keçər-keçməz AZİİ-nin əməkdaşları Səmədov Tofiq və Şeydayev Tamerlan da doktorluq dissertasiyalarını müdafiə etdilər və məruzəçi də onların içində olmaq şərti ilə. Riyaziyyat institutunun “Qeyri-xətti Mexanika” şöbəsindən Pənahov Geylani, Süleymanov Bağır, Əzizov Xubəli və Abdullayev Uğur doktorluq dissertasiyalarını müdafiə etdilər. Beləliklə o, Rusiyadan müdafiə etmiş 2 nümayəndəyə qarşı olaraq Azərbaycandan doktorluq dissertasiyasını müdafiə etmiş 6 nümayəndə ilə, yəni 1-ə 3 nisbətində öz borcunu yerinə yetirmişdir.

Yeri gəlmişkən uzun müddət Azad müəllimin rəhbərliyi altında “Faktor-4” konfransları keçirilirdi. Yəni texnoloji proseslərdə istifadə edilən kimyəvi reogentlərin istifadə olunmasını 2 dəfə azaldaraq prosesin səmərəsini 2 dəfə artırmaq. Həmin konfranslarda çox maraqlı texnologiyalar müzakirə olunurdu və öz əksini mədəndə tətbiqində tapırdı. Neft-qazçıxarmada Azad müəllim ilk dəfə müxtəlif fiziki sahələrdən istifadə edərək və qeyri-Nyuton sistemlərin reofiziki xassələrini tənzimləyərək texnoloji proseslərin səmərəsinin artırılmasına nail oldu. Fiziki sahələrə təzyiq, temperatur, maqnit sahələri, ultrasəs və başqaları daxil idi. Bunların nəticəsi kimi Azərbaycanda ilk dəfə müxətlif reotexnologiyalar yarandı hansı ki, qazmada, istismarda və boru nəqllərində öz yerini tapmışdı.

Neft daşlarının işlənməsinin ilk illərində quyuların hasilatında laboratoriya ölçmələri göstərirdi ki, qum təzahürü yoxdur. O zamanlar neft daşlarından hələ boru kəməri çəkilməmişdi və quyuların məhsulu, yəni neft tankerlərlə çatdırılırdı. Bir neçə illərdən sonra gözlənilməz bir hal ortaya çıxdı. Belə ki, tankerlərin tutumu hiss ediləcək dərəcədə azaldı. Yoxlamalar göstərdi ki, tankerin dibində müəyyən hündürlükdə qum yığılıb, halbuki laboratoriya cihazları qum təzahürünü təyin etmirdi. Araşdırmalar göstərdi ki, tankerin dibində yığılan qum deyil, lildir. Və həmin bu lil gələcəkdə qumun təzahürünün olmasından “xəbər” verir. Qoyulan və həyata keçirilmiş eksperimental tədqiqatlar sübut etdi ki, süxurlarda təzyiqin qradiyentinin müəyyən həddi var ki, onu aşandan sonra qum təzahürü baş verir. Bizim tərəfimizdən aparılan tədqiqatlar göstərdi ki, süxurun dağılıb qumun əmələ gəlməsi və nəticədə quyudan neftlə birlikdə qumun gəlməsi kiçik amplitudalı və eyni zamanda yüksək tezlikli döyünmələrin nəticəsində baş verir. Alınan nəticə yeni texnologiya işləməyə vadar etdi. Üsulun mahiyyəti ondan ibarət idi ki, bu döyünmələri kompensə etmək və özlü elastiki sistemləri quyudibi zonasının bərkidilməsində istifadə etməklə məsələni həll etmək olar. Layda döyünmələrin başlanması isə neftdə ilkin suyun təzahürünə gətirib çıxarır.

Müəllimimiz öz ətrafında olanlara, tələbələrə, əməkdaşlarına öz mənliklərini qorumağı aşılayırdı və o deyirdi: “Əgər hər hansı bir şəxs şəxsiyyətdirsə, onun onurğa sütunu əyilməməlidir.” Və bunu öz timsalında dəfələrlə sübut edirdi. Azad müəllimlə hər hansı bir şəkildə təmasda olmaq, yəni onun tələbəsi, əməkdaşı, doktorantı olmaq özü bizim üçün həmişə böyük həyat məktəbi olub və olaraq da qalır.

Azad müəllimin Vətən və elm qarşısındakı xidmətləri həm SSRİ, həm müstəqil Azərbaycan dövründə yüksək qiymətləndirilib və o müxtəlif fəxri adlar və ordenlərlə təltif edilib.

  • 1959 cu ildə Fəxri nişan ordeni ilə

1966 və 1982 illərdə Qırmızı Əmək Bayrağı ordeni ilə

  • 1970-ci ildə Azərbaycan SSR –nin Elm və Texnika üzrə əməkdar xadimi
  • 1971-ci ildə SSRİ –nin Əməkdar Neftçisi
  • 1978-ci ildə SSRİ qaz sənayesinin fəxri işçisi

1976 və 1986 cı ıllərdə Azərbaycan SSR-n-n Dövlət Mükafatı

  • 1978-ci ildə Azərbaycan SSRİ Ali Sovetinin Fəxri Fərmanı ilə

1975,1982 və 1985 ci illərdə M.Qubkin adina mükafatı ilə

  • 1980-ci ildə Bolqarıstanın fəxri neftçisi
  • 1986-cı ildə SSRİ Ali və orta ixtisas nazirliyinin mükafatı
  • 1986-cı ildə Oktyabr İnqilabı ordeni ilə
  • 1991 ci ildə Başkordostan Elmlər Akademiyasının Fəxri üzvü
  • 1993 cü ildə Şöhrət ordeni ilə
  • 1995 ci ildə Russiya Yer Elmləri Akademiyasının Akademiki
  • 1996-cı ildə P.L.Kapitsa adına Qızıl medal
  • 1998-ci ildə İstiqlal ordeni ilə
Əziz müəllimimiz, siz həmişə bizimləsiniz! Siz həmişə bizim qəlbimizdəsiniz!